Türkiyədə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Arena.az xəbər verir ki, 1-3 aprel aralığında Antalya şəhərində baş tutan turnirdə Azərbaycan 17 idmançı ilə təmsil olunub.
66 ölkədən 552 idmançının qatıldığı turnirdə Azərbaycanı təmsil edən oğlan idmançılardan 7 çəki dərəcəsində 13 idmançı, qızlardan isə 3 çəki dərəcəsində 4 idmançı medallar uğrunda mübarizə aparıb.
İlk yarış günündə Azərbaycan millisinin 7 cüdoçusu qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.
Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.
66 kq-da Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti raundda Denis Vieruya (Moldova) uduzub.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Orxan Səfərov isə ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Lima (Braziliya) ilə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Səfərov bürünc medal uğrunda görüşə çıxmaq məcburiyyətində qalıb. O, Tal Fliker (İsrail) ilə mübarizə aparmalı idi. Lakin Orxan bürünc medal görüşünə çıxmayıb. Buna idmançımızın zədələnməsi səbəb olub. Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyib.
Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.
52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.
Yalnız Elmar Qasımov…
İkinci yarış günündə daha beş idmançımız mübarizəyə qoşulub. kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.
Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) yenib. Lakin o, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.
81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmandan (Hollandiya) güclü olsa da, ardınca Nikolya Şilara (Fransa) uduzub.
Bu çəkidəki digər təmsilçimiz Murad Fətiyev mübarizəyə təsnifatdan başlayıb. O, ilk görüşünü qələbə ilə başa vurub. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçu 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.
Bu gün – yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gəlib. O, bu rəqibini mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.
100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya) qarşılaşıb və qalib gəlib. O, daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib. 1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalesə (Rumıniya) qalib gəlib. Həlledici görüşdə kanadalı Kayl Reyeslə üz-üzə gələn idmançımız bu rəqibinə də qalib gələrək “Böyük Dəbilqə”nin bürünc medalına sahib çıxıb.
100-da mübarizə aparan digər təmsilçimiz – Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanlar (Türkiyə) ilə qarşılaşıb və qalib gəlib. Lakin o, növbəti görüşündə Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti raundda Sven Heynleyə (Almaniya) qalib gəlsə də, Alişer Yusupova (Özbəkistan) uduzub. Kokauri təsəlliverici görüşdə Temur Raximovu məğlub edə bilməyib. Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.
Beləcə, Azərbaycan millisi “Böyük Dəbilqə” turnirini cəmi 1 medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları aprelin 4-dən 10-na qədər Antalyada təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.


