Futbol üzrə Almaniya millisinin hücumçusu Tomas Müller “Bayern” klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Onun klubla əvvəlki müqaviləsi 2023-cü ildə başa çatırdı.
Tomas Müller “Bayern”in öz yetirməsidir. O, bu mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxıb, 7 qol vurub və 20 məhsuldar ötürmə edib.
Münhen təmsilçisinin yetirməsi olan təcrübəli forvard indiyədək bu komandanın heyətində 623 oyunda meydana çıxıb. O, bu oyunlarda 226 qol və 242 məhsuldar ötürmə ilə yadda qalıb.
Müller Almaniya yığmasında da 112 matça çıxıb, 43 qol vurub.
“Bayern” bu mövsüm ardıcıl 10-cu dəfə Almaniya çempionu olub. Müller isə Münhen təmsilçisi ilə 11 dəfə ölkə çempionu adını qazanıb.


