İranlı cüdoçu Səid Mollayi milli komandamızda çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib. Arena.az xəbər verir ki, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, bir müddət öncə Bakıya dəvət olunub.
Mollayi yığmamızın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.
Federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirib. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılıb. IJF Mollayinin 2 may 2022-ci ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Hazırda o, -81 kq çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.
Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunları 2020-də isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.
ACF-in baş katibi Rəşad Rəsullu Mollayinin Azərbaycan yığmasına cəlb olunmasını belə şərh edib:
“81 kq çəki dərəcəsi kişilərdən ibarət Azərbaycan milli komandasında problemli çəki dərəcəsi hesab edilirdi. Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı. Səid 81 kq-da dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda, hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının yığmada olması 81 kq-da rəqabəti artıracaq. Bu, həm də istedadlı və gənc idmançılarımızın inkişafına müsbət təsir göstərəcək”.
“Doğma Azərbaycan bayrağı altında yarışacağım üçün çox sevinirəm”
Səid Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri idi: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim. Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Mən çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.
Xatırladaq ki, əslən Cənubi Azərbaycandan olan Səidin hələ bir neçə il əvvəl də yığmamıza cəlb olunması məsələsi gündəmə gəlmişdi. Ancaq həmin vaxt bu, müəyyən səbəblərdən alınmamışdı. Bu dəfə isə onun Azərbaycan bayrağı altında çıxışı təsdiqlənib. Azərbaycan onun yarışlarda uğurları üçün çalışacağı 3-cü ölkə olacaq.
İran hakimiyyəti 2019-cu ildə Yaponiyada keçirilən dünya çempionatının yarımfinalında ona qəsdən məğlub olmağı bildirib ki, finalda israilli Saqi Muki ilə qarşılaşmasın. Mundialda qəsdən uduzması üçün İran hakimiyyətinin təzyiqini ifşa edib, tənqid etdikdən sonra ölkəsinə qayıtmaqdan qorxduğunu deyərək iki illik viza ilə Almaniyaya gedib. Həmin ilin dekabrında Monqolustanın prezidenti, eləcə də bu ölkənin Cüdo Federasiyasının prezidenti Xaltmaaqin Battulqanın vətəndaşılıq təklifini qəbul edərək beynəlxalq yarışlara Monqolustanın bayrağı altında çıxmağa başlayıb. Səid Mollayi 2021-ci ilin fevral ayında Təl-Əvivdə Böyük Dəbilqə turnirində iştirak etmək üçün İsrailə gedəndə böyük coşqu ilə qarşılanıb.
İranın davranışları Beynəlxalq Cüdo Federasiyasının bu ölkəni beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırmasına səbəb olub. İdman Arbitraj Məhkəməsi İrana tətbiq olunmuş qadağanı ötən ilin martında ləğv edib.


