Renat Dadaşov finalda 34 dəqiqə oynadı, sevinən “Portu” oldu

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya kubokunun finalında “Portu” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə Oeyras şəhərindəki “Estadio Nasional”da qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda “Portu” 3:1 hesablı qələbəyə sevinib. Renat bu görüşün 56-cı dəqiqəsində meydana buraxılıb. Lakin millimizin forvardı komandasını məğlubiiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinirdi. Lakin kubokun finalında uduzan bu komanda həm də Portuqaliya Premyer Liqasını tərk edib. Bu üzdən azərbaycanlı hücumçunun yenidən “Vulverhempton”a qayıtması gözlənilir.

Sonda onu da bildirək ki, “Portu” tarixində 18-ci dəfə Portuqaliya kubokunun qalibi olub. Bu baxımdan rekordçu “Benfika”dır – 26. “Portu” 17 çempionluğu olan “Sportinq”i geridə qoyub. “Tondela” isə tarixində ilk dəfə Portuqaliya kubokunun finalına yüksəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: