Futbol üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün ilk püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatmada ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
İlkin təsnifat mərhələsində UEFA reytinqində ən zəif olan dörd ölkənin təmsilçiləri mübarizə aparacaq. Belə ki, Estoniya “Levadiya”sı İslandiyanın “Vikinqur” komandasına, San Marinonun “La Fiorita” klubu isə Andorra “İnter”inə rəqib olub.
Bu komandaların iştirakı ilə keçiriləcək yarımfinallar iyunun 21-də təşkil olunacaq. Final oyunu isə iyunun 24-də baş tutacaq. Oyunların hamısı İslandiyada keçiriləcək.
İlkin təsnifat mərhələsinin qalibi 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi hesab olunur. Bu mərhələnin püşkü iyunun 14-də atılacaq.
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək.


