UEFA Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Arena.az xəbər verir ki, bu mərhələnin həlledici oyununda Andorra çempionu “İnter”lə İslandiyanın “Vikinqur” komandaları qarşılaşıb.
Final görüşünün taleyini bir qol həll edib. İslandiya çempionu matçın ikinci hissəsində vurduğu yeganə qol sayəsində qalib gəlib. Beləcə, bu komanda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. “Vikinqur”u növbəti mərhələdə İsveç çempionu “Malmö” ilə oyunlar gözləyir.
Xatırladaq ki, “Vikinqur” ilkin mərhələnin yarımfinalında Estoniya çempionu “Levadiya”nı 6:1, “İnter” isə San Marinonun “La Fiorita” komandasını 2:1 məğlub edərək finala yüksəlmişdilər.
ÇL-in ilkin təsnifat mərhələsinin həm yarımfinalında, həm də finalında uduzan komandalar mübarizəni Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər. Belə ki, finalda uduzan “İnter”i ÇL-in 1-ci təsnifat mərhələsinin “Pünik” (Ermənistan) – ÇFR Kluj (Rumıniya) cütünün məğlubu ilə duel gözləyir. “La Fiorita” ÇL-in təsnifat mərhələsinin “Ballkani” (Kosovo) – “Jalgiris” (Litva) cütünün məğlubu ilə qarşılaşacaq. “Levadiya” da “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) cütünün məğlubunu gözləyir.
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək. Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin matçları isə 21 və 28 iyulda olacaq.
Xatırladaq ki, Azərbaycanı ÇL-də ölkə çempionu “Qarabağ” təmsil edəcək. Ağdam klubu startda Polşa çempionu “Lex”lə mübarizə aparacaq. Konfrans Liqasındakı təmsilçilərimiz – “Neftçi”, “Zirə” və “Qəbələ” isə bu turnirin 2-ci təsnifatından mübarizəyə qoşulacaqlar.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, final
24 iyun
İnter (Andorra) – Vikinqur (İslandiya) 0:1
Qol: İnqason, 68.


