“Neftçi” heyətini yeni müdafiəçi ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu gürcüstanlı futbolçu Solomon Kvirkveliyanı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. Müdafiəçi yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.
Solomon Kvirkveliya peşəkar karyerasına 2010-cu ildə Rusiyanın “Rubin” klubunda başlayıb. O, 2017-ci ilə qədər Kazan təmsilçisinin uğurları üçün çalışıb. Lakin gürcü futbolçu 2012 və 2013-cü illərdə “Nefteximik”ə, 2017-ci ildə isə Moskva “Lokomotiv”inə icarəyə verilib. Moskva klubu elə həmin il Kvirkveliyanın transfer hüquqlarını da alıb. Beləcə, futbolçu 2021-ci ilə qədər paytaxt təmsilçisinin uğurları üçün çalışıb. 2020/21 mövsümündə “Rotor”da icarədə oynayan futbolçu son bir ildə Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib.
Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və Super Kubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi. “Şamaxı”da icarədə olan Rəhman Hacıyevi də geri qaytaran paytaxt klubunda, Xəyal Nəcəfov və Turan Vəlizadə ilə də yeni müqavilə imzalanıb. Lakin onların ikisi də “Turan Tovuz”a icarəyə göndərilib. Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado və Tyaqo Bezerra ilə də yolların ayrılmasına qərar verilib.


