Xulian Alvares rəsmən “Mançester Siti”də

İngiltərənin “Mançester Siti” klubunun bu ilin əvvəlində transfer etdiyi Xulian Alvares yeni komandasının düşərgəsinə qoşulub. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Mançester Siti” gənc futbolçunu bu ilin fevral ayında Argentinanın “River Pleyt” klubundan transfer etmiş və 5.5 illik müqavilə bağlamışdı. Lakin həmin vaxt 22 yaşlı hücumçunun mövsümün sonunadək Argentina təmsilçisində icarə əsasında oynamağa davam edəcəyi açıqlanmışdı.

Alvares “şəhərlilər”in heyətində 19 nömrəli forma ilə çıxış edəcək.

“Mançester Siti” bu transfer üçün “River Pleyt”ə 26 milyon dollar ödəyib. Bununla da Alvares, 2001-ci ildə “Barselona”ya satılmış Xavyer Savioladan bəri “River Pleyt”in satdığı ən bahalı oyunçu olub.

Xulian Alvares “River Pleyt”in öz yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 122 oyunda 54 qol vurub, 29 məhsuldar ötürmə müəllifi olub.

“Mançester Siti” bu yay daha öncə Erlinq Haland, Kalvin Fillips və Serxio Orteqa Morenonu da heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: