Daniele De Rossi SPAL-ın baş məşqçisi təyin olundu

Futbol üzrə İtaliya yığmasının və “Roma”nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi SPAL komandasının baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə B Seriyasında çıxış edən klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı mütəxəssislə 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Venturatonu əvəz edib.

SPAL B Seriyasında geridə qalan 8 tur ərzində cəmi 2 qələbə qazanıb və 9 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Daniele De Rossi buna qədər İtaliya yığmasında Roberto Mançininin köməkçisi kimi çalışırdı. “Roma”nın yetirməsi olan yarımmüdafiəçinin demək olar ki, bütün karyerası bu klubla bağlıdır. O, “canavarlar”ın heyətində 616 oyuna çıxıb, 63 qol vurub. Kemiş futbolçu paytaxt klubundan ayrılandan sonra Argentina “Boka Xuniors”una keçsə də, burada cəmi 7 oyun keçirib, 1 qol vurub və 2020-ci ildə karyerasını başa vurub. De Rossi İtaliya yığmasında da 117 oyun keçirib, 21 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: