Fransanın “Strasburq” komandasının baş məşqçisi Julyen Stefan istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
43 yaşlı mütəxəssis Fransa kubokunun 1/32 finalında “Anje”yə məğlubiyyətdən (0:0, penaltilərlə 4:5) sonra postundan ayrılmaq məcburiyyətində qalıb. Klubun uzun müddətdir davam edən uğursuz çıxışının günahkarı məhz baş məşqçi göstərilib. Məsələ burasındadır ki, “Strasburq” rəsmi matçlarda sonuncu dəfə 3 ay əvvəl qələbə sevinci yaşayıb.
Xatırladaq ki, Julyen Stefan 2021-ci ilin may ayında “Strasburq”un baş məşqçisi təyin edilmişdi. Həmin vaxt onunla 3 illik müqavilə imzalanmışdı.
2015-ci ildən məşqçiliyə başlamış Stefan, daha öncə yalnız “Renn”də çalışmışdı. O, 2015-2018-ci illər aralığında bu klubun B komandasını çalışdırıb. 2018-ci ildən etibarən “Renn”in əsas komandasına baş məşqçilik edən 42 yaşlı mütəxəssis, 2021-ci ilin mart ayında istefaya göndərilmişdi. Qısa fasilədən sonra “Strasburq”un baş məşqçisi təyin olunan Stefan, bu komandanı bütövlükdə 58 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 19 qələbə qazanıb, 21 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb.
“Strasburq” bu mövsüm Liqa 1-də ən az qələbəsi olan komandadır – cəmi bir qələbə. 17 oyunda cəmi 11 xal toplamış bu kollektiv 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.


