Yassin Benzya rəsmən “Qarabağ”da!

Futbol üzrə Əlcəzair milli komandasının və Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin BenzyaQarabağ”la anlaşıb. Arena.az xəbər verir ki, Ağdam klubu onun keçidini rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsi ilə açıqlayıb.

Ötən gün Bakıya təşrif buyuran 28 yaşlı futbolçu bu gün tibbi müayinələrdən uğurla keçdikdən sonra Ağdam klubu ilə rəsmi müqaviləyə imza atıb. Tərəflər 2.5 illik anlaşıblar. Benzyanın 2025-ci ilin 30 iyununa qədər Ağdam klubunun uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Amma Azərbaycan çempionunun bu transferə görə “Dijon”a nə qədər məbləğ ödədiyi açıqlanmayıb.

Əslən Əlcəzairdən olan Yassin Benzya 1994-cü ilin 8 sentyabrında Fransada dünyaya göz açıb. O, peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb. Yarımmüdafiəçi Lion təmsilçisində 2011-2015-ci illər aralığında 54 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2015-ci ilin avqust ayında “Lill” 1 milyon avro qarşılığında yarımmüdafiəçini öz heyətinə qatıb. O, sözügedən komandada 93 oyunda 11 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Benzya “Lill”də olarkən Türkiyənin “Fənərbaxça” (2018/19 mövsümündə 20 oyun, 2 məhsuldar ötürmə) və Yunanıstanın “Olimpiakos” (9 oyun) klublarında icarədə də olub. 2020-ci ilin yanvarında isə “Dijon” “Lill”ə 1.5 milyon avro ödəyərək əlcəzairli futbolçunu öz heyətinə qatıb. O, bu komandanın heyətində meydana çıxdığı 29 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə kifayətlənib. Ötən ilin fevralında Benzya icarə əsasında yenidən Türkiyəyə üz tutub. O, bu dəfə “Hatayspor”un formasını geyinib. Yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsində bu komandada 12 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi Fransanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2016-cı ildə isə Əlcəzairin əsas millisində debüt matçına çıxıb. O, yığma komandada cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

Sonda onu da xatırladaq ki, “Qarabağ” Benzyadan öncə Redon Cica və Adama Diakabini də heyətinə cəlb etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: