Braziliyanın “Flamenqo” klubunun gənc yarımmüdafiəçisi Juan Qomes (Joao Viktor Qomes da Silva) “Vulverhempton”a transfer olunub. Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçunun transferi Premyer Liqa təmsilçisinə 18.7 milyon avroya başa gəlib. Braziliyalı oyunçu ilə 5.5 + 1 illik müqavilə imzalanıb.
Juan Qomes “Flamenqo”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 117 oyunda 3 qol vurub, bir o qədər də məhsuldar ötürmə müəllifi olub.
“Vulverhempton”da dörd ayrılıq
“Vulverhempton” iki futbolçusunu da satıb. Belə ki, yarımmüdafiəçi Konnor Ronan ABŞ-ın “Kolorado”, hücumçu Leonardo Kampana “İnter” (Mayami) klubuna satılıb. İngiltərə klubu Ronanın satışından 570 min, Kampananın gedişindən isə 2.7 milyon avro qazanıb. Ronan “Kolorado” ilə 2026-cı ilin 31 dekabrına kimi anlaşıb. Kampananın “İnter”lə müqaviləsinin müddəti isə açıqlanmır.
Xatırladaq ki, Konnor Ronan 2014-cü ildən sıralarında olduğu “Vulverhempton”da 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. İngiltərədə anadan olsa da, əslən İrlandiyadan olan 24 yaşlı yarımmüdafiəçi “Portsmut”, “Uolsoll”, “Dunayska Streda”, “Bləkpul”, “Qrasshopper”, “Sent Mirren” kimi klublarda icarədə oynayıb. İrlandiyanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu, İngiltərənin U-17 millisinin də formasını geyinib.
Leonardo Kampana isə Ekvadorun “Barselona” klubunun yetirməsidir. O, “Vulverhempton”a 2020-ci ilin yanvar ayında azad agent kimi transfer olunsa da, bu komandada forma şansı qazanmayıb. Bu üzdən də ekvadorlu hücumçu “Famalikan”, “Qrasshopper” və “İnter”də (Mayami) icarədə oynamaq məcburiyyətində qalıb. Ekvadorun U-20 və U-23 yığmalarında da oynamış 22 yaşlı futbolçu, hazırda əsas millidə forma geyinir. O, Ekvador milli komandasında 10 oyun keçirsə də, fərqlənə bilməyib.
“Vulverhempton” müdafiəçisi Ki-Yana Hoveri də “Stok Siti”yə icarəyə verib. Niderlanddan olan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi – 31 maya qədər icarədə oynayacağı açıqlanıb.
“Ayaks” və “Liverpul”un yetirməsi olan futbolçu 2020-ci sentyabr ayında 9.8 milyon avro qarşılığında “Vulverhempton”a keçib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 oyunda qol vura bilməyib. Niderlandın gənclərdən ibarət yığmasının üzvü bu mövsümün ilk dövrəsini PSV-də icarədə keçirib.
“Vulverhempton” yarımmüdafiəçi Çem Kempbeli də “Uikom”a icarəyə göndərib. İngiltərədən olan 20 yaşlı vinger də 31 maya qədər icarədə oynayacaq. O, öz klubunun əsas komandasında cəmi 8 matça çıxsa da, məhsuldar göstəriciləri yoxdur.


