Jorjinyo “Çelsi”ni “Arsenal”a dəyişdi – Londonda 11 milyonluq keçid

Futbol üzrə İtaliya milli komandasının və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo Premyer Liqada klubunu dəyişib. Arena.az xəbər verir ki, əslən Braziliyadan olan 31 yaşlı italiyalı futbolçu Londonun digər təmsilçisi “Arsenal”a keçib.

Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 1.5 + 1 illik müqaviləyə imza atıb. “Arsenal” bu transfer üçün “Çelsi”yə 11.3 milyon avro ödəyib.

Jorjinyo İtaliyanın “Verona” klubunun yetirməsidir. O, bu klubda oynadığı dönəmdə “Sambonifaçeze”də də icarədə oynayıb. Daha sonra “Napoli”yə keçən yarımmüdafiəçi 2014-2018-ci illər aralığında Neapol klubunun uğurları üçün çalışıb. “Çelsi” onu 2018-ci ilin iyul ayında 57 milyon avro qarşılığında öz heyətinə qatmışdı. Təcrübəli futbolçu “zadəganlar”ın heyətində meydana çıxdığı 213 oyunda 29 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Jorje Luis Frelyo Filyo olan futbolçu 2016-cı ildən formasını geyindiyi İtaliya milli komandasında da 46 oyun keçirib, 5 qol vurub.

“Çelsi” gənc yarımmüdafiəçisi Çezare Kasadeyi də “Ridinq”ə icarəyə verib. İtaliyadan olan 20 yaşlı futbolçu mayın 31-nə qədər Çempionşip təmsilçisində forma geyinəcək. London klubunun yayda Milan “İnter”indən 15 milyon avroya aldığı gənc futbolçu “zadəganlar”ın əsas heyətində debüt etməyib.

“Arsenal” da iki futbolçusunu icarəyə verib. Əslən Tunisdən olan niderlandlı 21 yaşlı mərkəz müdafiəçisi Omar Rekik “Uiqan”a keçib. Braziliyalı hücumameyilli yarımmüdafiəçi, 19 yaşı olan Markinyos isə “Norviç Siti”yə göndərilib. Onların da icarə müqaviləsinin müddəti mayın 31-nə qədərdir.

Markinyos 2022-ci ilin yayında Braziliyanın “San Paulo” klubundan 3.5 milyon avroya keçdiyi “Arsenal”ın əsas komandasında 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Omar Rekik isə 2021-ci ilin yanvar ayından “Arsenal”dadır. O, Almaniyanın “Herta”, Niderlandın “Sparta” (Rotterdam) klublarının da formasını geyinib. Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, hazırda Tunis millisinə dəvət alır. O, əsas yığmada 3 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: