Salah rəsmən “Renn”də – “Qarabağ”ın rəqibi yeni hücumçu aldı

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Gent” klubu yarımmüdafiəçisi İbrahim Salah ilə vidalaşıb. Arena.az xəbər verir ki, sözügedən klub 21 yaşlı vingeri Fransa “Renn”inə satıb.

Mərakeş və Belçika vətəndaşlığına malik futbolçu Liqa 1 təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Belçika klubunun bu transferdən nə qədər qazandığı açıqlanmır.

İbrahim Salah “Gent”in öz yetirməsidir. O, bu komandada 21 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

“Gent” Norveçin “Stabek” klubunun gənc hücumçusu Gift Emmanuel Orbanı da transfer edib. Belçikalılar bu transferə görə Norveç klubuna 3.5 milyon avro ödəyiblər. Nigeriyadan olan 20 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Gift Emmanuel Orban 2022-ci ildə “Bizon” klubundan “Stabek”ə transfer olunub. O, bu komandanın heyətində 24 oyuna çıxıb, 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasındakı ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə bir həftə sonra Gentdə baş tutacaq.

Yeri gəlmişkən, “Renn” İngiltərənin “Tottenhem” klubundan Djed Spensi də icarəyə götürdüyünü açıqlayıb. İngiltərədən olan 22 yaşlı sağ cinah müdafiəçisi iyunun 30-na kimi Liqa 1 təmsilçisinin uğurları üçün çalışacaq. “Midlsbro”nun yetirməsi olan Djed Spens “Nottingem Forest”də də oynayıb. O, 2022-ci ilin iyul ayında 14.7 milyon avro qarşılığında transfer olunduğu “Tottenhem”də cəmi 6 oyuna çıxıb. Müdafiəçi İngiltərənin U-21 yığmasında da oynayıb.

“Renn” qapıçısı Alfred Qomislə də yollarını ayırıb. Seneqaldan olan 29 yaşlı qolkiper “Komo”ya icarəyə verilib. Onun bu mövsümün sonuna kimi İtaliya klubunda forma geyinəcəyi açıqlanıb.

Liqa 1 təmsilçisi Qomisi 2020-ci ildə “Dijon”dan 10 milyon avroya transfer etmişdi. O, bu komandada 59 oyun keçirib. İtaliya vətəndaşlığı da olan seneqallı qolkiper “Torino”nun yetirməsidir. O, daha öncə İtaliyada “Krotone”, “Avellino, “Çezena”, “Bolonya”, “Salernitana” və SPAL-da da oynayıb. Qapıçı Seneqal yığmasında da 13 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: