İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Premyer Liqanın digər təmsilçisi “Nyukasl”dan Conco Şelvini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb. “Nyukasl”ın bu transferdən qazancı açıqlanmır.
Conco Şelvi “Nyukasl”a 2016-cı ilin yanvar ayında “Suonsi Siti”dən 16 milyon avroya transfer olunmuşdu. İngilis futbolçu bu komandada 202 oyuna 18 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. O, “Liverpul”, “Çarlton Atletik”, “Bləkpul” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə yığmasında 6 oyun keçirsə də, fərqlənə bilməyib.
Yeri gəlmişkən, “Nyukasl” qapıçısı Karl Darlounu da “Hall Siti”yə icarəyə verib. İngiltərədən olan 32 yaşlı futbolçu bu il mayın 31-nə kimi icarədə olacaq. O, 2014-cü ildən formasını geyindiyi “Nyukasl”da 100 oyun keçirib. “Nottingem Forest”in yetirməsi olan futbolçu “Nyuport” və “Uolsol”da da forma geyinib.
“Nottingem Forest” müdafiəçisi Loik Mbe Sonu da Fransanın “Genqam” klubuna icarəyə verib. 21 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa kimi icarədə olacaq. PSJ-nin yetirməsi 2020-ci ilin sentyabrında 5 milyon avro qarşılığında keçdiyi İngiltərə klubunda cəmi 13 matça çıxıb və 1 qol vurub. Fransalı futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.


