Mərakeşdə təşkil olunmuş futbol üzrə Klublararası Dünya Çempionatının 2022-ci il mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real” (Madrid) və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandaları qarşılaşıblar.
Səkkiz qolun qeydə alındığı matç Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “Real” tarixində beşinci dəfə mundialın qalibi olub. Madrid təmsilçisi daha öncə 2014, 2016, 2017 və 2018-ci illərdə də DÇ-nin qalibi olmuşdu. Ümumiyyətlə, İspaniya nəhəngi klublararası dünya çempionatlarında finala yüksəldiyi bütün oyunlardan qalib ayrılıb. “Əl-Hilal” isə ilk dəfə idi mundialda həlledici oyuna vəsiqə qazanmışdı.
Xatırladaq ki, final görüşündən öncə üçüncü yer uğrunda matç da baş tutub. Klublararası Dünya Çempionatının bürünc medalları uğrunda Braziliyanın “Flamenqo” komandası Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gəlib. Bu oyunda da cənubi amerikalılar qələbə qazanıblar.
Klublararası Dünya Çempionatı
11 fevral
3-cü yer uğrunda oyun
Əl-Əhli (Misir) – Flamenqo (Braziliya) 2:4
Qol: Abdelkader, 38; 60 – Barboza, 11-pen; 85-pen. Pedro, 77; 90+1.
Final
Real (İspaniya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 5:3
Qol: Vinisius Junior, 13; 69. Valverde, 18; 58. Benzema, 54 – Mareqa, 26. Vietto, 63; 79.


