Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq hücumçusu Mizian Maolida Almaniyanın “Herta” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı forvardı Fransanın “Reyms” klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Maolida bu mövsümün sonunadək Liqa 1 təmsilçisində forma geyinəcək.
Mizian Maolida Lion “Olimpik”inin yetirməsidir. O, 2018-ci ilin avqust ayında 10 milyon avro qarşılığında “Nitsa”ya transfer olunub. Lakin bu komandada ümidləri doğrultmayan futbolçu 2021-ci ilin avqustunda cəmi 4 milyon avroya “Herta”ya satılıb. Fransız hücumçu Almaniya klubunda da cəmi 22 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
“Reyms” “Po” klubundan qapıçı Aleksandr Olyeronu da transfer edib. 26 yaşlı qolkiperlə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Nant”ın yetirməsi olan qapıçı “Po”ya qədər “Nyor”da da forma geyinib. O, 2020-ci ilin yayından formasını geyindiyi “Po”da 80 matça çıxıb.
“Reyms” bir neçə futbolçusunu da icarəyə göndərib. Belə ki, yarımmüdafiəçi Rafik Gitan Portuqaliyanın “Eştoril”, müdafiəçi Endryu Qravillon İtaliyanın “Torino”, yarımmüdafiəçi Martin Adelin
Fransanın “Rodez”, hücumçu N’Dri Koffi isə Fransanın digər təmsilçisi “Leman”a icarəyə verilib. Onların hamısı bu mövsümün sonuna kimi icarədə oynayacaqlar. Yalnız “Torino” Qravillonu satınalma şərti ilə heyətinə cəlb edib.


