Bu gün Şamaxıya səfər oyununa gedərkən avtobusu qəzaya uğrayan “Mingəçevir” klubu son durumla bağlı açıqlama yayıb. Arena.az xəbər verir ki, bu barədə Birinci Divizion təmsilçisinin sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilir ki, komanda üzvləri artıq Mingəçevirə çatıblar. Qəzada yaralanan klubun idman direktoru Zaur Qarayev isə Bakı şəhərində “Bona Dea” xəstəxanasına yerləşdirdirilib. Həkimlərin verdiyi ilkin rəyə görə, onun da ciddi zədəsi yoxdur.
Xatırladaq ki, “Mingəçevir” komandası bu gün Birinci Divizionun 20-ci turu çərçivəsində qarşılaşacağı “Şamaxı-2” ilə səfər oyununa gedərkən avtomobil qəzasına uğrayıb. Sözügedən komandanı aparan avtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində Zaur Qarayev daha ciddi xəsarət aldığından dərhal xəstəxanaya çatdırılıb. Digər futbolçular isə qəzadan yüngül xəsarətlərlə qurtulublar. Xoşbəxtlikdən həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, mingəçevirlilərin bu günə nəzərdə tutulan “Şamaxı-2” ilə səfər görüşü PFL tərəfindən təxirə salınıb. Oyunun nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.


