Xasay Həsənli Avropa çempionatında “gümüş”lə kifayətləndi

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb. Arena.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı ötən gün qitə birinciliyinin finalına vəsiqə qazanmışdı.

O, bu gün finalda moldovalı Aleksandrin Qutunu sınağa çəkib. Rəqibinə 3:6 hesabı ilə uduzan Xasay Həsənli ikinci yerlə kifayətlənib.

Xatırladaq ki, ötən il analoji yarışın qalibi olan pəhləvanımız ötən gün əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlmişdi. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) də güclü olan Həsənli finala yüksəlmişdi.

Bu gün həmçinin 130 kq-da yer alan Sərxan Məmmədov bürünc medal görüşünə çıxıb. Onun rəqibi türkiyəli Muhammet Bakır olub. 0:4 hesabıyla uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Ötən gün Rahim Həsənov 1/4 finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3) uduzmuşdu. Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olmuşdu. Lakin Sərxanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşmış və 8:0 hesablı qələbə qazanmışdı.

Bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi – Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) finala vəsiqə qazanıblar. Həsən Məmmədli (67 kq) və İsmayıl Rzayev (82 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaqlar. Onların medal görüşləri sabah baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: