Əslən İtaliyadan olan isveçrəli futbol funksioneri Canni İnfantino yenidən dünyanın ən ali futbol qurumu olan FIFA-nın prezidenti seçilib. Arena.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə İnfantinonun növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. O, 2027-ci ilə qədər bu postda qalacaq. İnfantino bu seçkidə yeganə namizəd olduğundan, onun postunda qalacağı öncədən bəlli idi.
Xatırladaq ki, sözügedən Konqresdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmiləri də iştirak edirlər. Belə ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Konqresdə iştirak etmək üçün Ruandaya gediblər.
Canni İnfantino 23 mart 1970-cı ildə İsveçrədə anadan olub. O, italyan, fransız və alman dillərində sərbəst danışa bilir. Universitetdə hüquq təhsili alıb və həmçinin ingilis, ispan və ərəb dillərini də bilir.
İnfantino 2000-cı ildən etibarən UEFA-da işləməyə başlayıb və Avropanın ali futbol qurumunda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ilin 26 fevralında isə o, 3 il müddətinə FIFA prezidenti seçilib. 2019-cu ildə yenidən bu posta təsdiqlənən İnfantino, artıq üçüncü dəfədir belə etimada layiq görülür.


