Xulian Alvares “Mançester Siti” ilə yeni müqavilə bağladı

Futbol üzrə İngiltərə Premyer Liqasının nəhənglərindən olan “Mançester Siti” hücumçusu Xulian Alvares ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinadan olan futbolçunun klubla yeni sözləşməsinin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər idi. Yeni müqaviləyə əsasən futbolçunun qazancında da artım olub.

Xatırladaq ki, “Mançester Siti” Alvaresi 2022-ci ilin fevral ayında Argentinanın “River Pleyt” klubundan 21.4 milyon avroya transfer etmiş və 5.5 illik müqavilə bağlamışdı. Lakin həmin vaxt 23 yaşlı hücumçunun mövsümün sonunadək Argentina təmsilçisində icarə əsasında oynamağa davam edəcəyi açıqlanmışdı. Bu üzdən də o, Mançester təmsilçisinə cari mövsümün əvvəlində qoşulmuşdu.

Alvares indiyə qədər “şəhərlilər”in heyətində 33 oyuna çıxıb. O, bu görüşlərdə 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Xulian Alvares “River Pleyt”in öz yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 122 oyunda 54 qol vurub, 31 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ildən Argentina yığmasına da dəvət alan futbolçu millinin heyətində DÇ-2022-nin qalibi olub. O, milli komandada 19 oyuna 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: