Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisi martın 26-da Almaniyanın Bremen şəhərində beynəlxalq “Masters” turnirində iştirak edib. Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu turnirdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli komandanın 17 üzvü ilə təmsil olunub.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik ediblər.
Millimizin üzvlərindən Nicat Şirinov (-60 kq) və Qadir Hüseynov (-73 kq) qızıl medal qazanıblar. Aydın Rzayev (-66 kq) gümüş, Əli Hacıyev isə (-60 kq) bürünc medalla kifayətləniblər.
Məmmədrza Hacızadə (-81 kq) 5-ci yeri tutub. Əjdər Bağırov, Nicat Şıxəlizadə (-90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (-100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) 7-ci yerdə qərarlaşıblar.
Azərbaycan millisi bu yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.
Xatırladaq ki, idmançılarımız bu gündən etibarən Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar. Beynəlxalq hazırlıq prosesi martın 29-na qədər davam edəcək.


