Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının 24-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, hər iki qarşılaşma favoritlərin qələbəsi ilə yekunlaşıb.
Günün ilk oyununda region təmsilçisi “Zirvə” (Astara) paytaxt klubu NTD ilə üz-üzə gəlib. NTD basketbolçuları bu oyunda 112:92 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəliblər.
Astara təmsilçisinin heyətində ən məhsuldar basketbolçu Darin Conson olub – 30 xal, 6 ribaund. Qalib komandada isə Brayson Robinson fərqlənib – 17 xal, 8 asist.
Turun bağlanış oyunu isə “AAAF Xırdalan” və “Gəncə” basketbolçuları arasında keçirilib. Bu vacib oyunda 94:83 hesablı qələbə qazanan “Gəncə” komandası liderləri izləməyə davam edir.
Xırdalan təmsilçisinin bu matçdakı ən məhsuldar basketbolçusu Deymon Makdouel olub – 21 xal, 4 ribaund. “Gəncə”dən isə Amil Həmzəyev diqqət mərkəzinə düşüb – 24 xal, 6 ribaund.
Xatırladaq ki, ilk oyun günündə “Sərhədçi” “Olimpik” (Şəki) üzərində 94:91, “Sabah” isə “Neftçi” üzərində 80:68 hesablı qələbəyə sevinmişdi.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. NTD (24 oyun, 18 qələbə, 6 məğlubiyyət) – 42 xal
2. Sabah (24 oyun, 17 qələbə, 7 məğlubiyyət) – 41 xal
3. Gəncə (24 oyun, 17 qələbə, 7 məğlubiyyət) – 41 xal
4. AAAF Xırdalan (24 oyun, 16 qələbə, 8 məğlubiyyət) – 40 xal
5. Sərhədçi (24 oyun, 14 qələbə, 10 məğlubiyyət) – 38 xal
6. Neftçi İK (24 oyun, 8 qələbə, 16 məğlubiyyət) – 32 xal
7. Zirvə (24 oyun, 4 qələbə, 20 məğlubiyyət) – 30 xal
8. Olimpik (24 oyun, 2 qələbə, 22 məğlubiyyət) – 26 xal


