Futbol üzrə Fransa çempionatının 30-cu turu çərçivəsində baş tutan “Nitsa” ilə səfər oyunu PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Arena.az xəbər verir ki, təcrübəli futbolçu komandasının 2:0 hesablı qələbəsinə qolla töhfə verib.
Belə ki, o, 26-cı dəqiqədə vurduğu qolla matçda hesabı açıb. 76-cı dəqiqədə isə Serxio Ramos matçda son nöqtəni qoyub.
Messi “Nitsa”nın qapısına yol tapmaqla klub səviyyəsində Avropada ən çox qol vuran futbolçuya çevrilib. Bunun sayəsində argentinalı ulduz hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən Kristiano Ronaldonun rekordunu yeniləyib. Ronaldo vaxtilə Avropa klublarında 701 qola imza atıb. Messi isə ötən gecə 702-ci qolunu vurmaqla Portuqaliya yığmasının üzvünü qabaqlamağa nail olub. Bu göstəriciyə çatmaq üçün dünya çempionu həmkarından 105 oyun az keçirib. Belə ki, Ronaldo 701 qolu 949 matçda rəqib qapılarından keçirib. Messi isə 702 qolu 841 matçda vurub.
“Nitsa” ilə matçda ikinci qolun da assistini edən Messi, həmçinin, bu mövsüm Avropanın “Top-5” liqalarında ən çox məhsuldar ötürmə verən “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneyə çatıb. Hazırda hər iki oyunçunun aktivində ölkə çempionatında 14 məhsuldar ötürmə var.
Xatırladaq ki, Messi bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 33 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel Messi 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ilin yayından Fransa nəhəngi PSJ-də forma geyinən təcrübəli oyunçu Paris təmsilçisində də 68 matçda 30 qol və 33 məhsuldar ötürmə müəllifi olub. O, Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.


