Yüksək Liqa: Finalın ilk oyununda “Murov” qələbə qazandı

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) final mərhələsinin birinci oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma Azərbaycan Voleybol Mərkəzində təşkil olunub.

Əvvəlcə meydana Yüksək Liqanın bürünc medalı üçün yarışan “Neftçi” və MOİK komandaları çıxıblar. Bu görüş 3 set davam edib. Matçın əvvəlindən üstünlüyə yiyələnən “Neftçi” yekunda 3:0 (25:19, 25:18, 26:24) hesabıyla qələbə qazanıb.

Daha sonra finalın ilk oyunu keçirilib. “Xarı bülbül” və “Murov” kollektivləri arasında baş tutan həlledici qarşılaşma isə daha gərgin alınıb. “Xarı bülbül” matça daha yaxşı başlayıb və ilk setdə 25:20 hesabı ilə qələbə qazanıb. Lakin bundan sonra “Murov” təşəbbüsü ələ alaraq növbəti 3 hissəni 25:20, 25:19 və 25:17 hesabları ilə öz xeyrinə başa vurub.

Beləliklə, “Murov” 3:1 hesablı qələbə ilə çempionluq yolunda ilk addımı atıb.

Xatırladaq ki, reqlamentə əsasən, komandalar üç qələbəyədək mübarizə aparacaqlar. Bürünc medal və finalın növbəti oyunlarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Yüksək Liqa (kişilər)
11 aprel

Bürünc medal uğrunda birinci oyun
“Neftçi” – MOİK 3:0 (25:19, 25:18, 26:24)

Final
“Xarı bülbül” – “Murov” 1:3 (25:20, 20:25, 19:25, 17:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: