Avropa çempionatı: Eldəniz, Taleh və Sabahdan gümüş medal

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilmişdi. Bu gün həmin çəki dərəcələri üzrə medal qarşılaşmaları baş tutub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməmişdi – 0:8. Rəqibi də finala çıxa bilmədiyi üçün, Sənanın AÇ macərası erkən bitmişdi.

Üç final, üç məğlubiyyət

İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadova tam üstünlüklə qalib gəlmişdi – 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələmişdi. Ancaq o, 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün Abbasov bu gün bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə qarşılaşıb. O, bu görüşdə də 0:3 hesabıyla məğlub olub və beşinci yerlə kifayətlənib.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulmuş və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlmişdi – 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanmışdı. Millimizin kapitanı bu gün finalda türkiyəli Adem Burak Uzunla qarşılaşıb. 3:11 hesabıyla məğlub olan güləşçimiz qitə birinciliyini gümüş medalla başa vurub.

Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start vermiş və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus etmişdi. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlmişdi. Taleh bu gün həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gəlib. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçimiz növbəti dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.

Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olmuşdu – 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanmışdı – 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlamışdı. Bu gün həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla güləşib. Türkiyəli rəqibinə minimal fərqlə (1:2) uduzan Sabah Avropa ikincisi olub.

Xatırladaq ki, Avropa çempionatı sabah başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: