Yeniyetmələr arasında Avropa kuboku Azərbaycanda keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa kuboku turnirinə ev sahibliyi edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 mayda Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək. İştirakçılar arasında Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və sair ölkələr var.

Avropa kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyev 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa kubokunun ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: