Futbol üzrə Azərbaycan millisiin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov paytaxt təmsilçisinin heyətində 50-ci qolunu vurub.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün son turunda gerçəkləşib.
31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.
Mahmudov 2017/18 mövsümündən geyindiyi ağ-qara forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Emin ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində ona qədər 16 oyunçu bunu bacarıb.
Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. Yarımmüdafiəçi paytaxt təmsilçisində keçirdiyi 190 oyunda 50 qol və 50 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 39 oyuna 10 qol vurub.


