Azərbaycan cüdoçuları Turan Bayramov və Gültac Məmmədəliyeva Tacikistanın paytaxtı Düşənbədə keçirilən qran-pridə gümüş medal qazanıblar.
Arena.az xəbər verir ki, bu gün start götürmüş qran-pri turnirinin ilk günündə Azərbaycan yığmasının yeddi idmançısı tatamiyə çıxıb.
Onlardan Turan Bayramovla Gültac Məmmədəliyevanın çıxışı daha uğurlu alınıb.
60 kq çəkidə mübarizə aparan Turan qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan cüdoçumuz ikinci yerlə kifayətlənib.
52 kq-dakı Gültac da finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzub. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə ağrıdıcı fəndlə məğlub olan Məmmədəliyeva gümüş medalla kifayətlənib.
Yarışın ilk günündə daha bir idmançımız medal qazanıb. Yaşar Nəcəfov qran-prini bürünc medalla başa vurub. 66 kq-da yarışan idmançımız bürünc medal uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla cərimə xalları hesabına qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları qran-prinin ilk gününü 3 medalla başa vurublar. Qadın cüdoçularımızdan Leyla Əliyeva (48) da bürünc medal uğrunda döyüşə vəsiqə qazanıb. Amma o, uduzaraq 5-ci yerlə kifayətlənib. Digər idmançılarımızdan Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.
Xatırladaq ki, üç gün davam edəcək turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edirlər.
Kişilərdən ibarət millinin heyətində bu cüdoçular yer alıblar: Turan Bayramov, Rövşən Əliyev (hər ikisi -60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (hər ikisi -66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi -90 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlardan ibarət yığmada isə bu cüdoçulara şans verilib: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).


