“Mançester Yunayted” futbolçunun qiymətinin baha olması səbəbilə “Atalanta”nın danimarkalı hücumçusu Rasmus Höylundu almaq fikrindən daşınıb.
Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, bu həftə 20 yaşlı futbolçunun təmsilçiləri və “Mançester Yunayted”in nümayəndələri arasında görüş keçirilib. “Atalanta” rəhbərliyi danimarkalı hücumçunun transfer qiymətini 100 milyon avro məbləğində təsdiqləyib. Bu məbləğ müqabilində İngiltərə klubu hücumçunu transfer etmək fikrindən daşınıb. “Qırmızı şeytanlar” öncədən, Höylundu təsdiqlənmiş məbləğin az qala yarısı qədər məbləğə almağı nəzərədə tutublar.
Hücumçunun özünün “qırmızı şeytanlar”ın düşərgəsinə keçməkdə maraqlı olması və öz nümayəndələrindən “Atalanta” rəhbərliyinə bu məqsədlə təsir göstərməyi xahiş edəcəyi bildirilir. Eyni zamanda, mançesterlilərin Höylund üçün heç bir halda 100 milyon avro ödəməyə hazır olmadığı vurğulanır.
Daha əvvəl “Bayern”in Höylund ilə maraqlandığı bildirilirdi.
2022/2023 mövsümündə Höylund “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. O, Danimarka yığmasının heyətində 4 oyun keçirib, 5 qol vurub.
Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Höylundu 45 milyon avro məbləğində qiymətləndirir.


