Coşqun Diniyev rəsmən “Səbail”də!

Ötən mövsüm başa çatan kimi “Zirə”dən ayrılan yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra karyerasını “Səbail”də davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.

Amma 27 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Coşqun Diniyev 2021-ci ilin avqust ayından formasını geyindiyi “Zirə”dən bu ay azad agent kimi ayrılmışdı. O, “qartallar”ın heyətində meydana çıxdığı 65 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Diniyev daha öncə “Qarabağ” (100 oyun, 3 qol, 2 assist), “Sabah” (54 oyun, 2 qol, 1 assist) və “Şamaxı”da (34 oyun, 2 qol) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan yığmasında da 14 oyun keçirib.

Maraqlıdır ki, Coşqun Diniyevin atası Şahin Diniyev “Səbail”in baş məşqçisi, qardaşı Kərim Diniyev isə köməkçi-məşqçisidir.

Xatırladaq ki, bu, “Səbail”in yay fasiləsində beşinci transferidir. Sözügedən klub buna qədər Yusif Nəbiyev (“Kəpəz”), Süleyman Əhmədov (“Sumqayıt”), Rüfət Abdullazadə (“Sumqayıt”) və Səlahət Ağayev (“Qəbələ”) də transfer etmişdi. Müdafiəçi Vüqar Həsənovla da yeni müqavilə imzalanıb. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayevlə də yollar ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: