Neymar Braziliyada törətdiyi ekoloji pozuntuya görə cəzalana bilər

PSJ-nin ulduz hücumçusu Neymar Braziliyada ətraf mühitin mühafizəsi qaydalarını pozduğuna görə böyük məbləğdə cərimələnə bilər.

Arena.az bu barədə “L’Equipe”in Rio-de-Janeyro meriyasının mətbuat xidmətinə istinadı əsasında xəbər verir.

Mənbənin məlumatına görə, Neymarın Rio-de-Janeyro ştatındakı iqamətgahlarından birində bir neçə “ekoloji pozuntu” ilə müşayiət olunan bəzi işlər aparılıb. Bunlara su axınının dəyişdirilməsi, süni gölün su ilə təmin edilməsi üçün çaydan suyun icazəsiz götürülməsi daxildir. Həmçinin torpağın, daşların və qayaların icazəsiz yerdəyişdirilməsi, xüsusi icazə olmadan çimərlik qumundan istifadə halları da aşkar edilib.

Rio-de-Janeyro şəhər meriyasından bildirilib: “Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və hesablamalara görə ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla ən azı 5 milyon real (təxminən 950 min avro) məbləğində cərimə tətbiq etmək olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: