Avropa çempionatı: Əbil Yusubov da çempion oldu!

Portuqaliyanın Odivelas şəhərində yeniyetmə oğlanlar və qızlar arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur.

Avropa çempionatının ikinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub. Oğlanlar arasında Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi -66 kq), Süleyman Şükürov (-73 kq), qızlar arasında isə Xədicə Qədəşova, Aytən Verdiyeva (-52 kq), Fidan Qasımova (-57 kq), Kamilla Toholiyeva (-63 kq) tatamiyə çıxıblar.

Azərbaycan cüdoçoları günü 3 medalla başa vurublar. Əbil Yusubov (-66 kq) finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu olub. Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov finalda gürcüstanlı idmançı Qiorqi Dularidze üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb.

Xədicə Qədəşova (-52 kq) ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək Avropa çemponatının bürünc medalını qazanıb. Fidan Qasımova (-57 kq) isə 7-ci yeri tutub.

Bununla da Azərbaycan cüdoçularının Odivelasda qazandığı medalların sayı 8-ə çatıb. İlk gündə cüdoçularımız 4 qızıl və 1 bürünc medal əldə etmişdilər. Belə ki, Məhəmməd Məmişov, Mirxaliq İskəndərov və Məhəmməd Musayev, həmçinin Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Əhməd Rüstəmov isə çempionatın bürünc medalını qazanmışdı.

Xatırladaq ki, Avropa çempionatında cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.

İdmançılarımız iyunun 24-nə qədər çempionatın fərdi yarışlarında qüvvələrini sınayacaqlar. Avropa çempionatı iyunun 25-də baş tutacaq komanda yarışı ilə yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: