Bu gün Monqolustanın paytaxtı Ulan-Bator şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı mübarizə aparır.
Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu (10 kişi, 3 qadın) ilə təmsil olunur.
İyunun 23-də 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında Kəramət Hüseynov və Yaşar Nəcəfov (hər ikisi -66 kq) medallar uğrunda mübarizə aparıblar. Qadınlar arasında isə Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi -48 kq) və Aydan Vəliyeva (-52 kq) güclərini sınayıblar.
Cüdoçularımızdan yalnız Yaşar Nəcəfovun çıxışı nisbətən uğurlu alınıb. O, bürünc medal qazanıb. Yaşar üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Narmandax Bayanmunxa qalib gəlib.
Cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edirlər.
İdmançılarımız 26 iyun – 1 iyul aralığında Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də “Böyük Dəbilqə” turnirinin ədalət təmsilçiləri sırasındadır.


