Cüdo üzrə Azərbaycan millisi Portuqaliyada keçirilən yeniyetmələr arasında qarışıq komanda yarışında Avropa çempionu olub.
Arena.az xəbər verir ki, Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatına iyunun 25-də baş tutan qarışıq komanda yarışı ilə yekun vurulub.
Çempionatda 16 ölkə medallar uğrunda mübarizə aparıb. Azərbaycan komanda yarışlarında 10 idmançı ilə təmsil olunub.
Oğlanlarda Məhəmməd Musayev, Xanəhməd Şərifov (hər ikisi -60 kq), Aslan Kotsoyev, Əli Qazıməmmədov (hər ikisi -81 kq), Ramazan Əhmədov, Eldar Əliyev (hər ikisi +81 kq), qızlarda isə Vüsalə Hacıyeva, Aytac Yolçuzadə (-48 kq), Fidan Qasımova (-63 kq), Kamilla Toholiyeva (+63 kq) güclərini sınayıblar.
Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə isə Almaniya yığmasını 4:2 hesabı ilə üstələyib. Millimiz yarımfinalda da İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündəki rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.
Qeyd edək ki, bu Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.
Azərbaycan millisi fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb. Komandamız medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.
Medal qazanmış idmançılarımızın siyahısını bir daha xatırladırıq:
Qızıl medal
Məhəmməd Məmişov (-50 kq)
Mirxalıq İskəndərov (-55 kq)
Məhəmməd Musayev (-60 kq)
Vüsalə Hacıyeva (-48 kq)
Əbil Yusubov (-66 kq)
Ramazan Əhmədov (+90 kq)
Bürünc medal
Əhməd Rüstəmov (-50 kq)
Mehdi Cəfərov (-66 kq)
Xədicə Qədəşova (-52 kq)


