Roy Hocson “Kristal Pelas”da qaldı – Rəsmi

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocson ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, klub rəhbərliyi çempionatın ən yaşlı çalışdırıcısı ilə yola davam etmək qərarı verib.

Roy Hocson “Kristal Pelas”a mart ayında baş məşqçi təyin olunmuşdu. Onunla 2022/2023 mövsümünün sonunadək müqavilə imzalanmışdı. Patrik Vieyranın rəhbərliyi altında uğursuz mövsüm keçirən komanda az qala elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma Hocson gəldikdən sonra bu komandanı Premyer Liqada saxlamağı bacarmışdı. Hocsonlu “Kristal Pelas” 10 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülmüşdü.

Rəhbərlik uzun müddət düşündükdən və digər variantları da nəzərdən keçirdikdən sonra 75 yaşlı mütəxəssisi bu postda saxlamağa qərar verib. Onunla 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Roy Hocson daha öncə də “Kristal Pelas”a rəhbərlik edib. O, 2017-ci ilin sentyabrından 2021-ci ilin 30 iyununa kimi bu komandanı 162 matça çıxarıb. “Kristal Pelas” bu görüşlərdə 54 qələbə qazanıb, 36 heç-heçə edib və 72 məğlubiyyətə üzülüb. 2021-ci ilin may ayında sözügedən klub Hocsonun 2020/21 mövsümünün sonunda məşqçilik karyerasını bitirmək arzusunda olduğu üçün onunla yolları ayıracağını açıqlamışdı. Düzdür, Premyer Liqa təmsilçisi təcrübəli məşqçiylə mövsüm bitəndə yeni müqavilə bağlamamış və onunla vidalaşmışdı. Lakin Hocson karyerasını bitirməmiş, əksinə, 2022-ci ilin yanvarında “Uotford”un baş məşqçisi təyin edilmişdi.

İngilis mütəxəssis daha öncə ölkəsində “Fulhem”, “Vest Bromviç”, “Liverpul”, “Belkbern”, “Bristol Siti” kimi klubların baş məşqçisi olub. O, “İnter”, “Udineze” (İtaliya), “Qrasshopper” (İsveçrə), “Kopenhagen” (Danimarka) kimi komandalarda da çalışıb. 2012-2016-cı illər aralığında İngiltərə millisində baş məşqçilik edən mütəxəssis, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya yığmalarında da oxşar vəzifələrdə işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: