Nemanya Andelkoviç “Zirə”ni Rusiya klubuna dəyişdi

“Zirə”nin serbiyalı mərkəz müdafiəçisi Nemanya Andelkoviç paytaxt klubundan ayrılaraq Rusiya təmsilçisi “Akron”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Serbiyalı müdafiəçi Rusiya təmsilçisi ilə uzunmüddətli müqavilə imzlayıb. Sözləşmənin detalları açıqlanmayıb. 26 yaşlı oyunçu yeni komandasında 26 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 65 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nemanya bu ilin yanvarında “Zirə”dən ayrılaraq ölkəsinə qayıtsa da, sonradan fikrini dəyişmiş və paytaxt klubuna dönmüşdü.

Müdafiəçi daha öncə “Zlatibor”, “Pivara”, “Javor-Matis”, “Metalak” və “Radnik” kimi klublarda da çıxış edib.

“Zirə” Andelkoviçdən öncə Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye ilə də yollarını ayırmışdı.

Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə yeni müqavilə imzalamış paytaxt klubu gedənlərin əvəzində də hələlik Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato və Fuad Bayramovu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: