Bernardo Silva PSJ-yə keçmək istəyir

“Mançester Siti”nin 28 yaşlı universal yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Arena.az bu barədə “Le Parisien”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, portuqal futbolçu seçim edib və PSJ-yə keçmək istəyindədir.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə “Siti” rəhbərliyini Bernardo Silvanı saxlamaq üçün əlindən gələni etməyə çağırır.

2022/2023 mövsümündə Silva “şəhərlilər”in heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. O, komandası ilə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

Bernardo Silvanın “Mançsester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Bernardo Silvanın 80 milyon avro məbləğində qiymətləndirir.