Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ədalət təmsilçimiz Serbiya və Macarıstanda keçiriləcək qızlar arasında U-17 Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək hakimlərdan biri olacaq.
11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. 1-ci qrupun oyunları Serbiyanın Vrnyaçka Banya şəhərində, 2-ci qrupun oyunları isə Macarıstanın Bekeşçaba şəhərində keçiriləcək. Zaur Hacıyev də məhz 2-ci qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yığmaları yer alıb. 1-ci qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland yığmaları yarışacaqlar.
Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Çempionun adı isə iyulun 23-də bəlli olacaq.


