Adrian Mutu: “Məqsədim “Neftçi”ni layiq olduğu yerə qaytarmaqdır”

Bu gün “Neftçi”nin yeni baş məşqçisi təyin olunan rumıniyalı futbol mütəxəssisi Adrian Mutu bu təyinatla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Mutu bunları söyləyib:

“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

Xatırladaq ki, rumıniyalı mütəxəssislə iki illik müqavilə imzalanıb. Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bu xüsusda mətbuat konfransı da təşkil olunacaq.

Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib. O, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub.

Mutu 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl-Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir. O, son klubu “Rapid”dən bir neçə gün öncə məhz “Neftçi”dən aldığı təklifə görə ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: