Aqil Məmmədov yenidən Sankt-Peterburqa yollandı

“Neftçi”nin Rusiyada təşkil olunan beynəlxalq turnirdə zədələnmiş qapıçısı Aqil Məmmədov yenidən qonşu ölkəyə yollanıb və məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışı davam edir. “Ağ-qaralar” toplanışın 13-cü günündə səhər məşqinə çıxıblar. Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Emil Balayev iştirak etməyib. Əvəzində, komandanın düşərgəsinə qayıdan digər qapıçı Aqil Məmmədov məşqə qatılıb.

Xatırladaq ki, təcrübəli qolkiper “Zenit”də qarşı keçirdikləri ilk görüşdə sıradan çıxdığı üçün Bakıya qayıtmışdı. Amma digər qapıçı Emil Balayevin də uzun müddətə sıradan çıxmasından sonra onun yenidən Sankt-Peterburqa yollanmasına ehtiyac yaranıb.

Bu gün baş tutan məşqdə əsasən fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fənərbaxça”ya qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: