İlkay Gündoğan: “Həmişə “Barselona”nın azarkeşi olmuşam”

Almaniya yığmasının türkəsilli 32 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan azad agent qismində “Barselona”ya keçidinə münasibət bildirib.

Arena.az “Mundo Deportivo”ya istinadən Gündoğanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Barselona”ya keçdiyim üçün çox şadam. Mən məhsuldar bir mövsüm keçirmək istəyirəm və debüt oyunumu çox səbirsizliklə gözləyirəm.

“Barselona”nın oyunçusu olmaq çin olmuş arzumdur. Yadımdadır, kiçik olanda “Barsa”nın Raykaard və Qvardiola ilə oyunlarına baxırdım. Mən bu komandanın azarkeşiyəm. Həmişə “Barselona”nın uğurlarını diqqətlə izləmişəm. Belə bir klubun üzvü olacağım üçün fəxr edirəm.

Gözəl futbol oynayacağımıza ümidvaram. Bizim komandamızın nəhəng potensialı var. Mənim təcrübəm gənc oyunçulara yeni səviyyəyə çatmağa kömək edə bilər. Bax, buna görə də buradayam, bax, bunun üçün günbəgün səylə çalışacağam”, deyə Gündoğan vurğulayıb.

Geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti”nin sabiq kapitanı İlkay Gündoğan “şəhərlilər”in heyətində 51 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib. O, bu komanda ilə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: