İspaniyanın “Jirona” klubunun dayaq yarımmüdafiəçisi Oriol Romeu uzun illər sonra yetirməsi olduğu “Barselona”ya qayıdıb.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.
“Barselona” 31 yaşlı futbolçunun transferi üçün “Jirona”ya 5 milyon avro ödəyəcək. Romeunun özü isə doğma klubu ilə 3 illik müqavilə bağlayıb. Kataloniya klubu köhnə-yeni futbolçusuna qiymət də qoyub. 2026-cı ildən tez onu heyətinə qatmaq istəyən klub “Barselona”ya 400 milyon avro ödəməlidir.
Xatırladaq ki, Oriol Romeu məhz Kataloniya klubunun yetirməsidir. O, karyerasının ilk illərində bu klubun əsas komandasında bir neçə oyuna çıxsa da, “Çelsi”yə satılıb, sonralar “Valensiya”, “Ştutqart” və “Sauthempton”da da oynayıb. Ötən mövsüm ərzində Romeu “Jirona”nın heyətində 34 oyuna çıxıb, 2 qol vurub. O, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Yeri gəlmişkən, bu transferlə paralel olaraq “Barselona”nın yarımmüdafiəçisi Pablo Torre də “Jirona”ya keçib. 20 yaşlı ispan futbolçunun qarşıdakı mövsümün sonuna kimi icarə əsasında bu komandada forma geyinəcəyi diqqətə çatdırılıb.
“Barselona”nın öz yetirməsi olan Pablo Torre əsas komandada 13 oyun keçirib. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Hazırda İspaniyanın U-21 yığmasına dəvət alan Torre daha öncə U-17 və U-19-da da forma geyinib.
Xatırladaq ki, hazırkı ölkə çempionu olan “Barselona” bu yay İlkay Gündoğan, Vitor Roke və İnyiqo Martinesin də transferini açıqlamışdı.



