Şəhriyar reytinqdə irəlilədi, Teymur siyahını tərk etdi

Azərbaycan şahmatçısı, milli komandamızın lideri Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib, Teymur Rəcəbov isə siyahını tərk edib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün yeni reytinq siyahısını açıqlayıb.

Ötən ay olduğu kimi, avqust ayının reytinq siyahısında da ilk “10-luq”da Azərbaycan təmsilçisi yer almayıb.

Amma Şəhriyar Məmmədyarov (2747 xal) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 13-cü sırada qərarlaşıb.

Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbov isə ümumiyyətlə reytinq cədvəlində yer almayıb. Qaydalara əsasən, idmançı 1 il ərzində klassik şahmat oynamırsa, avtomatik olarq, aktiv siyahıdan çıxarılır. Rəcəbovun hazırda Bakıda keçirilən Dünya Kubokunda iştirakını nəzərə alsaq, onun sentyabrda elan olunacaq reytinq cədvəlinə qayıdacağını gözləmək olar. Rəcəbovla yanaşı, Gülnar Məmmədova da eyni səbəbdən siyahıya düşməyib.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2661) 8 pilləlik sıçrayışla əvvəlki mövqeyinə – 75-ci sıraya qalxıb. Nicat Abbasov isə yenidən ilk “100-lüy”ə qayıdıb. 2646 olan şahmatçımız hazırda 97-ci pillədə qərarlaşıb.

Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan Hikaru Nakamura (2787) ikincidir. Digər ABŞ təmsilçisi Fabiano Karuana (2782) isə üçüncü sırada qərarlaşıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2448 xalla 27-ci pillədə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2381) 65-ci sıradadır. Xanım Balacayeva (2368) da irəliləyib və hazırda 80-ci sırada qərarlaşıb. Gülnar Məmmədova siyahını tərk edibsə, Gövhər Beydullayeva (2355) isə 90-cı pillədədir.

Qadınların reytinqinə çinli Hou Yifan başçılıq edir – 2628 xal. Çinin digər təmsilçisi Venyun Ju (2568) ikincidir. Rusiyadan olan Aleksandra Qoryaçkina (2557) isə üçüncü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: