Rasmus Höylund “Mançester Yunayted”ə keçir

İtaliyanın “Atalanta” klubunun danimarkalı hücumçusu Rasmus Höylund İngiltərə nəhəngi “Mançester Yunayted”ə keçəcək.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumar verir.

Mənbənin məlumatına görə, klublar gənc futbolçunun transferi ilə bağlı razılığa gələ biliblər. Tərəflər uzun və çətin danışıqlardan sonra nəhayət ki, ortaq məxrəci tapıblar. “Mançester Yunayted” Höylundu heyətinə qatmaq üçün “Atalanta”ya 70 milyon avro ödəyəcək.

Xatırladaq ki, daha əvvəl Höylund “qırmızı şeytanlar”la şəxsi şərtlərini razılaşdıraraq 5 illik müqavilə imzalamışdı. Hazırda klublar keçidi başa çatdırmaq üçün yekun sənədləri hazırlayırlar.

Höylund geridə qalmış 2022/2023 mövsümündə “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib. “Atalanta” çempionatı 64 xalla 5-ci sırada tamamlayıb və qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək.

“Mançester Yunayted” isə ötən mövsümü İngiltərə Premyer Liqasında 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Rasmus Höylund Danimarka yığmasının heyətində də uğurla çıxış edib. Gənc hücumçu yığmanın heyətində 6 oyunda 6 qola imza atıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı Höylundu 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: