“Qarabağ” – HJK: Matçların vaxtı, məkanı və hakimləri bəllidir

UEFA Çempionlar Liqasından kənarda qalan “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, artıq bu komandalar arasındakı ilk oyunun başlama saatı və məkanı dəqiqləşib.

UEFA-nın rəsmi saytında qarşılaşmanın avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi göstərilib. Qarşılaşmaya əvvəlki ev oyunlarında olduğu kimi, saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərindəki rəqiblərini – Cəbəllüttariq “Linkoln”u ilə Polşa “Rakuv”unu Bakı Olimpiya Stadionunda qəbul etmişdi.

“Qarabağ”la HJK arasındakı ilk oyunun hakim təyinatları da açıqlanıb. UEFA Bakıdakı görüşü İsraildən olan ədalət təmsilçilərinə tapşırıb. Qarşılaşmanın baş hakimi 42 yaşlı FİFA referisi Roy Raynşrayber olacaq. Ona yan xətt hakimləri David Ellas Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim Erez Papir olacaq.

Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 17-də Helsinki şəhərindəki eyniadlı stadionda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Səfərdəki oyunun da hakim təyinatları məlumdur. Bu görüşü Fransadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi 30 yaşlı Villi Delayod olacaq. Ona yan xətt hakimləri Ervan Finjin və Filipp Jann yardım edəcəklər. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: