Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – HJK (Finlandiya) oyununun biletləri avqustun 5-də satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletləri avqustun 5-də saat 14:00-dan etibarən aşağıda göstərilmiş ünvanlardan almaq mümkün olacaq:
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30 və 75 manat təşkil edir.
Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Xatırladaq ki, avqustun 10-da keçiriləcək “Qarabağ” – HJK oyununa saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə ayın 17-də Helsinkidə baş tutacaq.


