Rasmus Höylund rəsmən “Mançester Yunayted”də!

İtaliyanın “Atalanta” klubunun danimarkalı hücumçusu Rasmus Höylund İngiltərə nəhəngi “Mançester Yunayted”ə keçib.

Arena.az bu barədə Mançester klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

20 yaşlı futbolçu “qırmızı şeytanlar”la daha bir mövsüm uzadılması şərti ilə 5 illik müqavilə imzalayıb. “Mançester Yunayted” danimarkalı üçün 74 milyon avro təzminat ödəyəcək. Bu, gənc futbolçunun bazar qiymətindən xeyli baha məbləğdir.

Höylund “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın “Şturm” klubundan 20 milyon avro müqabilində heyətinə qatmışdı. Həmçinin Höylund uşaq ikən akademiyasında çıxış etdiyi “Kopenhagen”də böyüklər səviyyəsində oynamağa macal tapıb.

Höylund geridə qalmış 2022/2023 mövsümündə “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Rasmus Höylund Danimarka yığmasının heyətində də uğurla çıxış edib. Gənc hücumçu yığmada keçirdiyi 6 oyunda 6 qola imza atıb.

“Atalanta” Höylunddan başqa daha üç futbolçusu ilə yollarını ayırıb. İtaliyalı hücumçu Luka Vido “Reciana”ya keçib. 26 yaşlı forvard yeni klubu ilə 2+2 illik müqavilə bağlayıb. O, “Atalanta”nın əsas komandasında cəmi 4 oyun keçirib. “Milan”ın yetirməsi olan hücumçu karyerası ərzində “Çittadella”, “Peruca”, “Krotone”, “Piza”, “Kremoneze”, SPAL və “Palermo”da da forma geyinib, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Dayaq yarımmüdafiəçisi Marko Karraro da “Atalanta”nı SPAL-a dəyişib. 25 yaşlı italyan yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “İnter”in yetirməsi olan futbolçu vaxtilə “Atalanta”ya 5 milyon avro qarşılığında keçsə də, bu komandada heç bir rəsmi oyuna çıxmayıb. O, “Peskara”, “Focca”, “Peruca”, “Frozinone”, “Kozentsa” və “Krotone” kimi klublarda icarədə oynayıb. Karraro da İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

“Atalanta” digər yarımmüdafiəçisi Samuel Covaneni isə “Askoli”yə icarəyə verib. 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. İtalyan yarımmüdafiəçi ötən mövsümü də “Askoli”də icarədə keçirib. İtaliyanın U-20 yığmasının üzvü daha öncə ölkəsinin digər aşağı yaş qrupları üzrə milli komandalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: