Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Finlandiyanın HJK klubunun Bakıya səfər proqramında dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Finlandiya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən komanda Azərbaycan paytaxtına gecə saatlarında təşrif buyuracaq. Bu səbəbdən baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və Helsinki təmsilçisinin oyunöncəsi son məşqi ləğv olunub.
“Qarabağ”ın Finlandiya təmsilçisi ilə ilk oyunu sabah – avqustun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab görüşü isə bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.


