İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin sağ cinah müdafiəçisi Ris Ceyms “zadəganlar”ın yeni kapitanı təyin edilib.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.
“Bu rolu üzərimə götürdüyüm üçün çox xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət var, çünki keçmişdə bizim görkəmli kapitanlarımız olub, amma yenə də çox xoşbəxtəm. “Çelsi”də demək olar ki, bütün ömrümü keçirmişəm. Mən burada altı yaşımda başlamışam və akademiyadan zəhmətlə keçmişəm. Amma daha da irəli getmək və kapitan olmaq – mənim və ailəm üçün möhtəşəm duyğudur”, – “zadəganlar”ın mətbuat xidməti Ceymsdən sitat gətirir.
İngilis müdafiəçi “zadəganlar”ın heyətində 2019/2020 mövsümündə İngiltərə Liqa Kubokunda “Qrimsbi” ilə oyunda debüt edərək, komandasının 7:1 hesablı qələbəsinə öz töhfəsini verib.
Geridə qalmış 2022/2023 mövsümündə Ris Ceyms “Çelsi”nin heyətində 24 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ris Ceymsin “Çelsi” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
23 yaşlı müdafiəçi 2020-ci ildə debüt etdiyi İngiltərə yığmasının heyətində 16 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Ris Ceymsi 65 milyon avro məbləğində qiymətləndirir.


